www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Manat nə vaxtadək dollar qarşısında dirəniş göstərə biləcək…
18 Aprel 2017 10:49

Oxunub: 132



Milli valyutamızın hansı iqtisadi əsasla möhkəmlənməsi çoxlarımızı düşündürür… Dolların manat qarşısında ucuzlaşması davamlı olacaqmı? Mərkəzi bankın bu monetar siyasətinin arxasında nə durur? Vətəndaşlar əllərindəki vəsaiti hansı valyutada saxlasalar daha doğru olar?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Natiq Cəfərli manatın İslam Həmrəyliyi Oyunları və Formula 1 Qran Prisindən sonra ucuzlaşacağını bildirdi: “Azərbaycanda manatın məzənnəsi ilə bağlı gedən proseslər iqtisadi təməllərə söykənmir. Sadəcə Mərkəzi Bankın son illərdə yürütdüyü siyasət, yəni manat kütləsinin dövriyyədən yığılması, banklarda sərbəst manat kütləsinin olmaması valyutaya olan tələbatı azaltdı. Müəyyən stabilliyə nail olunsa da , bu əks effekt də doğurur. Banklarda kreditləşmə ilə bağlı problemlər yaşanır, banklar iqtisadi fəaliyyətlə məşğul ola bilmirlər. Banklar sanki böyük valyutadəyişmə məntəqəsinə çevriliblər. Yalnız valyutadəyişmə prosesindən pul qazanmağa və bu yolla ayaqda qalmağa çalışırlar. Bu yolda Mərkəzi Bank onlara kömək edir. 4 faizlik marjanın ləğvi və məzənnənin bu səviyyədə idarə olunması ilə banklara dəstək verir. Bunu sadə bir misalla izah etmək olar. Devalvasiyadan öncə banklar dollar alıb satarkən maksimum 20-25 qəpik pul qazanırdılarsa, bu gün 100 dollardan 8 manata yaxın pul qazanırlar. Bu da çox böyük gəlir mənbəyinə çevrilib”.

İqtisadçı hesab edir ki, bu durum uzun müddət davam edə bilməz: “Çünki iqtisadi aktivliyə çox böyük zərbə vurur. Bir müddət sonra Mərkəzi Bank və hökumət iqtisadi aktivliyi canlandırmaq üçün dövriyyədəki manatı artdırmağa məcbur olacaq. Başqa bir ehtimal da var. Bu da odur ki, Novruz bayramında biz bankların necə işlədiyini gördük. Təqribən 30-35 minə yaxın turist gəldi və həmin dövrdə banklar alış qiymətini kifayət qədər aşağı salaraq, həmin vəsaiti daha aşağı qiymətlərlə turistlərdən yığmağa çalışdılar. Bu da banklar üçün yeni bir qazanc mənbəyi yaratdı. İndi də may ayının 12-dən etibarən İslam Oyunları başlayır və iki həftə davam edəcək. Mədəniyyət və Turizm Nazirliyinin açıqlamasına görə, otellərin 80-85 faizi həmin dövr üçün tutulub və turist axınının olması gözlənilir. Ola bilər ki, bu oyunlardan sonra manatın dəyərdən düşməsi prosesi sürətlənsin”.

Natiq Cəfərli vurğuladı ki, bu gün baş verən proses iqtisadi səbəblərə söykənmir, inzibati idarəetmənin nəticəsidir: “Əhali xatırlayır ki, ötən ilin may ayında dolların rəsmi məzənnəsi 1.49-manata qədər enmişdi. Alış-satış əməliyyatlarında 1.51-1.52 manatı da görmüşdük. Ancaq ilin sonunda manatın məzənnəsinin 1.92-yə qədər ucuzlaşmasının şahidi olduq. Biz bu prosesi bir neçə dəfə görmüşük. İndi baş verənlər də bunun təkrarına bənzəyir. Əhalinin əlində sərbəst valyuta ehtiyatları varsa, bunun həmin valyutada saxlanılması daha məqsədəuyğundur, dünya iqtisadiyyatında gedən proseslər də burada əsas götürülür. Dünyada son zamanlar dolların bahalaşması trendi zəifləsə də ümumən gözlətilər artıb. Bu FED ən azı iki dəfə uçot dərəcələrini artırmağı hədəfləyib. Dünya ölkələrinin 85 faiz valyuta ehtiyatlarını dollarda saxlamağı hədəfləyirlərsə, deməli dollara olan inam, bu valyutanın bahalaşması ilə bağlı gözləntilər daha yüksəkdir”.

Manat-dollar münasibətləri ilə bağlı fikirlərini “Yeni Müsavat”la bölüşən Pərviz Heydərov isə dolların dəyərdən düşməsini şərtləndirən amillərin olduğunu bildirdi:“Nə qədər ki, valyuta bazarına təsir göstərən müvafiq göstəricilər üzrə vəziyyət qənaətbəxş olacaq, manat dollara qarşı münasibətdə möhkəm mövqe nümayiş etdirməkdə davam edəcək. Yəni ki, ucuzlaşma qeydə alınmayacaq. Bu göstəricilər sırasına isə neftin dünya bazar qiymətləri, idxal və ixrac əməliyyatları üzrə vəziyyət, dövriyyədə nağd pul kütləsinə tələbatın passiv mövqe nümayiş etdirməsi, ölkədə dollarlaşma səviyyəsinin yüksək səviyyədə qalması və sair daxildir. Ümumiyyətlə, hələ keçən ilin sonundan bəlli idi, bu il ərzində manatın dəyəri sabit xarakter daşıyacaq. Bunu ilin birinci rübü ərzində əldə olunan bir sıra iqtisadi göstəricilər də bir daha deməyə əsas verir. Məlum olduğu kimi, xarici ticarət dövriyyəmizdə 1 milyard ABŞ dollarından çox müsbət saldo yaranıb, idxal azalıb. Keçən ilin əvvəlindən başlanılan ixracın təşviqi, stimullaşdırılması və genişləndirilməsi tədbirləri rüşeym halında öz nəticələrini göstərməkdədir. Dövlət büdcəsi xərcləri əvvəlki illərdəki kimi həyata keçirilmir. İnvestisiya xərcləri məhdudlaşdırılmış vəziyyətdədir. Kreditləşdirmə demək olar, sıfır vəziyyətindədir. Düzdür, bunların bir çoxu müsbət, bəziləri isə mənfi amillərdir. Lakin, müsbət olanlar getdikcə güclənlənərsə, mənfi amillər tədricən aradan götürülməklə, bütövlükdə real vəziyyətin daha da möhkəmlənməsinə xidmət etməlidir”.

Pərviz Heydərov əhaliyə vəsaitlərinin yarısını manat, yarısını dollarda saxlamağı tövsiyə etdi: “O ki qaldı, əhalinin öz sərbəst vəsaitlərini yaranmış yeni iqtisadi və maliyyə durumu ilə əlaqədar məhz hansı valyutada saxlamasının daha məsləhət olduğu məsələsinə, qeyd edim ki, əgər, keçən il və ondan əvvəlki ildə manat və ABŞ dolları ilə olan pulun uyğun olaraq 25/75 % nisbətində qorunmasının məqsədəuyğun olduğunu qeyd edirdimsə, bunun artıq, balanslaşdırılmış şəkildə, yəni ki, 50/50 % nisbətinə transfer edilərək dəyişdirilmiş şəkildə olmasının heç bir təhlükəli xarakter daşımadığını inamla tövsiyə edə bilərəm. Onu da qeyd edim ki, nə cür iqtisadi faktorlar olursa-olsun, manat hədsiz bahalaşan da deyil. Yəni, o, bir daha 0,78 qəpik olan deyil. Heç 1,50 AZN-ə qədər dəyər qazanacağı da real deyil. Ancaq, ABŞ dollarının 2 AZN olacağına dair “qorxulu buludlar” da artıq, mövcud deyil. Üfüqdə hansısa qaraltı gözə dəysə də belə, narahat olmağa dəyməz…”.

 

Politico.az



Oxşar xəbərlər
Top 10
Prezident Ramiz Mehdiyevi “Şöhrət” ordeni ilə təltif edib – FOTO
Sabaha olan hava proqnozu açıqlandı
Tramp Suriyada Rusiya mövqelərini vurmağı təklif etdi
İRƏVANDA KÜTLƏVİ İTAƏTSİZLİK AKSİYALARI BAŞLADI – Tələbələr yolları bağlayır – CANLI
Sabaha olan hava proqnozu açıqlanıb
Aztəminatlı əhaliyə edilən yardımın məbləği açıqlandı
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
Konstitusiya Məhkəməsi sabah qərar verəcək
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alıb
Atəşkəs rejimi 76 dəfə pozulub
ARXIV