www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Azər Əliyev: “İstənilən sığorta növü inkişaf potensialına malikdir”
23 Aprel 2018 11:40

Oxunub: 4306



Gündəlik problemləri həll edərkən, çətinlikləri dəf etməyə çalışarkən hər zaman diqqətli və ehtiyatlı olmaq qeyri-mümkündür. Düşəcəyimiz bütün vəziyyətləri öncədən görə bilməsək də, onların nəticələrini yüngülləşdirmək əlimizdədir. Məsələn, əmlakımızı, səhhətimizi, həyatımızı sığortalaya bilərik.

İnsider.az müştəri xidmətlərinin keyfiyyətini yüksəltmək və müştərilərin rahatlığı, eləcə də sığorta xidmətləri bazarını inkişaf etdirmək məqsədilə sığorta hadisələrinin tənzimlənmə prosedurunu sadələşdirən “Atəşgah” Sığorta Şirkətinin İdarə heyətinin sədri Azər Əliyev ilə müsahibəni təqdim edir.

-“Atəşgah” Sığorta Şirkətinin fəaliyyətə başlarkən ilkin hədəfi nə idi?

-Şirkətin idarəetmə sistemi – növbəti 3 il üçün Strateji Planın hazırlanması və təsdiqlənməsini nəzərdə tutur. Bu plan çərçivəsində şirkətin əsas hədəfləri müəyyən edilir. Son 3 il ərzində şirkətin əsas məqsədi: ümumi yığımları müəyyən səviyyədə toplamaq, Xalis maliyyə mənfəətinə nail olmaq və şirkətin korporativ idarə standartlarının beynəlxalq səviyyəyə çatdırılmasından ibarət olub. Praktiki olaraq məqsəd əldə edilib. Hazırda 2019-2021-ci illər üçün Strateji planın hazırlanması və təsdiqi üzərində fəal iş gedir. Bu iş cari ilin iyun ayında başa çatmalıdır, daha sonra isə yeni təsdiqlənmiş hədəflərimizi bəyan edə bilərik.

-Fəaliyyət dövründə şirkət hansı nailiyyətləri əldə edib?
-Uğurumuz çox olub. Bazarda bəzi sığorta növlərində müəyyən pay itirməyimizə baxmayaraq, o qədər də perspektivli olmayan istiqamətlərdə məqbul göstəricilər əldə etmişik. Məsələn, Könüllü Tibbi sığorta, adətən sığortanın bu növü gəlirlilikdən daha çox dəstəkverici rol oynayıb. Bu, şirkətimizin korporativ müştərilərə sığorta xidmətlərinin tam spektrini təqdim etmək üçün gərəkli idi. Zərərlərin tənzimlənməsi, biznes proseslərinin qismən avtomatlaşdırılması və müştəri bazasının artırılması məsələsində ciddi dəyişikliklər sayəsində, sığortanın bu növü biznes üçün maraq kəsb etməyə başlayır.
2017-ci ildə Zərərlərin idarə edilməsi istiqaməti, bəzi məqamlara baxmayaraq, müştərilərə yüksək xidmətin lazımi səviyyədə göstərilməsini təmin edib. Təkcə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 10 000-dən artıq avtomobil sahibinə ödəniş edilib. Bu böyük rəqəmdir. Azərbaycanın sığorta bazarında bir il ərzində bu sayda avtomobilə dəyən ziyanı tənzimləyib ödəyə biləcək şirkətin olduğuna şübhə edirəm. Qeyd etmək lazımdır ki, son üç il ərzində müştəri məmnuniyyətinin göstəricisi 23% artıb. Bu, təbii ki, son deyil, bu göstəricinin artması üçün müntəzəm olaraq çalışırıq.
Şirkətdə biznes proseslərinin avtomatlaşdırılması və İT tətbiqi hər zaman diqqət mərkəzindədir. Bilirsiniz ki, bu istiqamətin inkişafı olmadan, şirkətin inkişafından danışmaq mümkün deyil. 20-dən çox yüksək ixtisaslı mütəxəssisin çalışdığı İdarəmiz mövcuddur. Bununla paralel olaraq əməkdaşlığa kənardan da mütəxəssislər cəlb edirik. Bütün bu amillər bizə müştəri risklərinin idarə edilmə məsələsində keyfiyyətli və operativ şəkildə servis təqdim etməyə qadir olan, gələcəyin şirkətini qurmaq üçün yüksək göstəricilərə nail olma imkanını verir.

-Həmvətənlərimiz sığortaçını necə seçir? Ümumiyyətlə Azərbaycanda sığortanın hansı növü daha çox inkişaf potensialına malikdir?
-Təəssüf ki, bir çox hallarda müştəri tərəfindən sığortaçı seçimi qiymət əsasında aparılır. Qiymət nə qədər ucuzdursa, seçilmə şansı bir o qədər çoxdur. Düşünürəm ki, bu praktiki olaraq bütün sahələrdə belədir və bizim sahə istisna deyil. “Ucuz mal alacaq qədər zəngin deyiləm” prinsipi bizim güclü tərəfimiz deyil. Bunu hamıya şamil etmək də düzgün deyil. Zamanla şirkətin adına və imicinə diqqət yetirən müştəri təbəqəsi formalaşır. Lakin ilk dəfədən keyfiyyətsiz xidmət ilə qarşılaşan müştəri yalnız şirkətdən deyil, bütünlükdə sığorta institutundan məyus olur. Bu isə daha ciddi problemdir. Hamının razı qaldığı şirkət yoxdur. Tək “Atəşgah”da 250 000 –dən artıq sığortalanmış müştəri var, təbii ki, onların arasında narazı olanlar da var.  İstehlakçılara sığorta şirkəti seçərkən, ilk növbədə son 3-5 il ərzində həyata keçirilən ödənişlərin səviyyəsinə və bu ödənişlərin hansı sığorta növləri üzrə olduğuna nəzər yetirməyi məsləhət görərdim. Bugün bütün bu məlumatlar hamı üçün əlçatandır və etibarlılığın ən yaxşı göstəricisidir. Sığorta növlərinin potensial inkişaf prosesinə gəldikdə isə, praktiki olaraq bütün istiqamətlərində artım imkanı olduğunu deyə bilərəm. Dərin təhlilə ehtiyac olmayan istiqamətlər isə daşınar və daşınmaz əmlakın sığortasıdır.

-Könüllü tibbi sığorta – sığorta biznesində ən populyar istiqamətlərdən biridir. Bəs bizdə sığortanın bu növü ilə bağlı vəziyyət necədir?
-Əvvəldə də qeyd etdiyim kimi, bu istiqamətdə yaxşı nəticələr əldə etmişik. Portfel artır, müştərilərin sayı getdikcə çoxalır, göstərilən xidmətin keyfiyyəti də yüksəlməkdə davam edir. Zərərlərin tənzimlənməsi prosesinin avtomatlaşdırılmasına ciddi sərmayə yatırırıq, maraqlı İT tətbiqlər əldə edirik. Tibbi sığorta birmənalı şəkildə Azərbaycan sığorta bazarı üçün böyük maraq kəsb edir. Anlamalıyıq ki, icbari tibbi sığorta olmadan, könüllü tibbi sığortanı inkişaf etdirmək çətin olacaq. Hazırda gözləmə və ümid mərhələsindəyik.

-Dünyanın bir çox ölkələrində həyat sığortası mühüm sığorta növlərindən biridir. Bizdə bu istiqamətin perspektivlərini necə qiymətləndirirsiniz?
-Yenə də qeyd edim ki, sığorta işində hər bir istiqamət inkişaf potensialına malikdir. Həyat sığortası da istisna deyil. Hələ 6-7 il öncə bu istiqamətin inkişafını stimullaşdıran qanunlar qəbul edilmişdi. Bu qanunlar sayəsində biz həyat sığortası üzrə sığorta haqlarının ümumi həcminin 150 milyon AZN-dən artıq olduğunu görürük. Bu isə ölkədə ümumilikdə yığılan sığorta haqlarının ümumi həcminin gözəçarpan hissəsidir. Lakin sığorta cəmiyyəti bununla kifayətlənmir. Bu il Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə sığortaçılar məsləhətləşmələr aparır və qanunlarda həyat sığortası bazarının inkişafına imkan yaradacaq, bununla yanaşı dövlətin maraqlarını da nəzərə alacaq dəyişikliklərin optimal variantını tapmağa çalışırlar.

-Müxtəlif şirkətlər tərəfindən təqdim olunan icbari avtomobil sığortası üzrə tariflər bəzən fərqlənir, bu nə ilə əlaqədardır?
-Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflər Qanunla dəqiq müəyyən edilib. Qanunla həmçinin zərərliliyin olmadığına görə endirimlər prinsipi, bonus-malus sistemi də təyin edilib. Yəni, əgər müştərinin sığorta hadisələri olubsa, ona yüksək, əgər olmayıbsa o zaman aşağı əmsal tətbiq edilir. Bu sistemin müasir tələblərə necə cavab verdiyi isə ayrı məsələdir. Bununla belə, bu sistem sayəsində müştərilərin endirim əldə edə bilmələri faktdır. Bundan başqa sığorta şirkətləri öz sığorta məsləhətçiləri (agentləri) ilə birgə komissiya mükafatları hesabına aşağı əmsal tətbiq edə bilirlər. Bu əlbəttə ki, qanuni deyil, çünki, burada da qanunla sığorta şirkətlərinin agentlərinə ödəyə biləcəkləri komissiyalar üzrə maksimal limitlər müəyyən edilib. Qeyd etmək lazımdır ki, Maliyyə Bazarlarına Nəzarət Palatası və ASA –nın vasitəsilə ilə sığortaçılar da bu hallar ilə ciddi mübarizə aparır.

-Həyatda hər şeydən sığortalanmaq olmaz, bəs Siz ilk növbədə nəyi sığortalamağı məsləhət görərdiniz?
-İlk növbədə böyük risk altında olan, sizə böyük ziyan verə biləcək və ya həyatınıza, işinizə, gəlirlərinizə böyük təsir göstərə biləcəkləri sığortalamaq lazımdır. Hər kəsin prioritetləri fərqlidir. Məsələn, əgər şəxs fərdi sərnişin daşıma ilə məşğuldursa, avtomobil onun üçün əsas gəlir mənbəyidir. Bu avtomobilə nəsə olsa, həmin şəxsin həyat tərzinə böyük təsir edəcək. Bu halda təbii ki, ilk növbədə avtomobili sığortalamaq lazımdır. İnsan həkimlik edirsə, ona peşəkar məsuliyyətini sığortalamağı məsləhət görmək olar. Təəssüf ki, son illərdə həkim səhvlərinin riski çox yüksəlib. Övladları olan şəxsə, onların təhsilinin maliyyələşdirilməsini təmin edəcək həyatın yığım sığortası əldə etməyi məsləhət görmək olar. İstənilən həyati hadisələr üçün müvafiq sığorta məhsulları nəzərdə tutulub.

-2017-ci il üçün sığorta bazarının nəticələrini necə dəyərləndirirsiniz, sığortaçı üçün hansı sektor daha maraqlıdır?
-Nəticələr yaxşıdır, artım var, bu sevindirici haldır. Birmənalı şəkildə həyat sığortası bazarının inkişafı üzrə ciddi iş aparmaq lazımdır, icbari sığorta növlərini, kənd təsərrüfatı risklərinin sığortalanmasını inkişaf etdirmək lazımdır.

-“Atəşgah” Sığorta Şirkətinin 2018-ci il üçün inkişaf perspektivləri haqda nə deyə bilərsiniz? 
-Şirkətin inkişaf perspektivləri haqda növbəti 3 il üçün Strateji Plan təsdiq edildikdən sonra böyük məmnuniyyətlə və daha ətraflı məlumat verməyə hazıram.
 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV