www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Ruslan Quliyev: Sağlamlıq turizmi ilə bağlı məsələlərdə vergi siyasətinə yenidən baxılmalıdır
02 May 2018 11:07

Oxunub: 4118



Dünyada son illərdə sürətlə inkişaf edən sektorlardan biri də müalicə məqsədilə həyata keçirilən səfərlərdən ibarət – Sağlamlıq turizmidir. Dünya ölkələri arasında bu sahədə əldə edilən gəlirin böyük hissəsi Sinqapur, Hindistan, Tayland, Malaziya kimi uzaq şərq ölkələri payına düşür. Azərbaycanda isə müalicə-sağlamlıq turizmindən və təbii ehtiyatlardan danışarkən ilk növbədə Naftalanın müalicəvi nefti, Naxçıvanın duz mağaraları, Abşeron göllərinin müalicəvi palçıq və suları, eləcə də mineral suları ilə məşhur olan Lənkəran, Gədəbəy, Qalaaltı və İstisu yada düşür.
İnsider.az Sağlamlıq və Termal Turizmə dəstək Assosiasiyasının sədri, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının  prezidenti (Global Helathcare Travel Council -GHTC) Ruslan Quliyev ilə müsahibəni təqdim edir.

-İlk olaraq Dünya sağlamlıq turizmi təşkilatının prezidenti seçilməniz münasibəti ilə təbrik edirik. Hər il bir ölkənin rəhbərlik etdiyi bu təşkilatda Azərbaycanın sədrliyi qürur vericidir.
-60-a yaxın ölkənin üzv olduğu təşkilatın IV baş Asambleyasında 22 ölkənin 48 nümayəndəsi arasında seçki keçirildi.  Bu il dünya sağlıq turizm cəmiyyətində Azərbaycan sağlıq turizmi ili elan olunub.
-Ruslan bəy, bu, məsuliyyətlə yanaşı, həm də ölkəmizdə alternativ turizmin inkişafı üçün çox böyük perspektivdir…
-Bəli, bu il ərzində öz fəaliyyət istiqamətimizdə diqqəti daha çox Azərbaycan sağlıq turizminin potensialını nümayiş etdirməyə yönəltməliyik. Qlobal foruma gedən bu yolda və ən əsası Azərbaycanın təşkilatda rəhbərliyi dövründə yeni ənənələrin, istiqamətlərin əsasını qoymalıyıq. Dünyada mövcud olan yeniliklərin nədən ibarət olduğunu təhlil, eləcə də startaplar və innovativ sistemləri tətbiq etmək lazımdır. Bu il ərzində simpoziumlar, konfranslar və müxtəlif tədbirlərin həyata keçirilməsi, ekspertlərin Azərbaycana dəvət edilməsi, Beynəlxalq keyfiyyət sertifikatlarının alınması istiqamətində görüləcək işlər həddən artıq çoxdur.
Bütün sadalananlar ilə yanaşı sağlamlıq turizmi xəritəsinin, xəritəyə daxil edilən məkanların təbliği ilə əlaqədar həyata keçiriləcək tədbirlərin hazırlanması nəzərdə tutulur. Sözü gedən xəritəyə mövcud sağlamlıq turizm məkanları ilə yanaşı hazırda  tədqiqat obyekti olan, gələcəkdə isə alternativ turizm məkanlarına çevriləcək şəfalı su qaynaqları da daxildir. Bu, su mənbələrinə investisiyaların cəlb edilməsi, hal-hazırda  gündəmdə olan məsələdir.

-Azərbaycanda əsasən təbii resurslara dayanan sağlamlıq turizmi istiqamətləri fəaldır. Ölkəmizdə tibbi resurslara əsaslanan sağlamlıq turizmi potensialımız hansı səviyyədədir?
-Qlobal Sağlamlıq Turizm Şurasının Baş Assambleyasının Yığıncağında (Amman İordaniya, 27 fevral 2017) Amman deklarasiyasında belə bir müddəa qəbul edildi ki, sağlamlıq turizmi dediyimiz bir məfhum geniş formatda da başa düşülməlidir. Yığıncaqda 8 seqment yanaşmasının dəstəklənməsi və genişləndirilməsi barədə yekdilliklə qərar verildi. Bu, Amman Bəyannaməsi kimi tanınmağa başlayıb.
Sağlamlıq Turizm 8 seqment – (Ht8): Tibbi, Dental, Spa (termalizm və thalasotherapya daxildir), Sağlamlıq, Kulinariya (sağlam qida), İdman, Əlçatan (sosial turizmi), Yardımlı yaşayış (1+1 əlilliyi olan bir insanı müşayiət edən şəxs) daxildir. Əminliklə deyə bilərəm ki, bunların hamısı Azərbaycan üçün realdır.

-Azərbaycanda turizm sahəsində mövcud olan qiymət siyasətindən razısınızmı?
-Müqayisəli baxarsaq, bəlli bir dövrdə qiymətlər baha sayıla bilərdi. Amma hazırda əldə olan məlumata görə, qonşu, eləcə də Avropa və Körfəz ölkələrindən gələn turistlər qiymətin münasib olmasını vurğulayırlar. Gələn turistlər, stomatoloji, spa və plastik əməliyyat xidmətindən istifadə edirlər. Təbii ki, keyfiyyət və texnologiya da mühüm rol oynayır. Səhiyyə sisteminə çox böyük yatırımlar edilir. Dövlət başçısının fərmanları, 2009-2018 dövlət proqramında qeyd edilən müddəalar bu sahəyə ayrılan diqqət və qayğı daha böyük ümidlər yaradır. Hal-hazırda istirahət və ya sağlamlıq məqsədilə ölkəmizə üz tutan xarici turistlər üçün, bura ucuzlaşmış bazar sayılır. Əgər dollar ifadəsi ilə desək, qiymətlər bir nəfər üçün 60-70 dollardan başlayır – söhbət 4 və 5 ulduzlu hotellərdən gedir. Bununla yanaşı 1 nəfər üçün 35 dollar və mini “chek-up” daxil olan paketlər də mövcuddur. Bu baxımdan faizlər ucuz sayıla bilər.

-Dünya standartlarına cavab verən komplekslərimiz mövcuddur, bəs xidmət personalının səviyyəsi qane edirmi?
-Yeni sağlamlıq turizmi məkanlarının, eləcə də tibb müəssisələrinin açılması kadr məsələsini önə çıxarır. Bəzən Azərbaycanda müalicə işinin zəif olması ucbatından, vətəndaşların xaricə üz tutmalı olmasına dair iradlar səslənir. Nəzərə almaq lazımdır ki, dünyanın hər bir yerində bu amil mövcuddur. Bir zamanlar türklər müalicə üçün Avropaya gedirdilər, indi tam əksinə avropalılar müalicə üçün Türkiyəyə gəlirlər.
Bir faktı da qeyd edim, Turizm və Menecment Universitetində əvvəllər müalicə işi ixtisası var idi, sonradan bağlandı. Artıq bu proses başlayıb, Turizm Şurasının işçi qrupunun Naftalanda keçirdiyi son iclasında bu məsələ qaldırıldı və müvafiq ixtisas yenidən fəaliyyətə başlayacaq. Yəni söhbət tibb yönümlü deyil, məhz sağlamlıq turizmi menecerlərinin hazırlanmasından gedir. Sevindirici haldır ki, xarici dövlətlərdə təhsil alan mütəxəssislər, iş təcrübəsinə ölkəmizdə başlayır. Onların təhsil aldığı tədris müəssisələrində istifadə edilən metodikaya, eyni zamanda onların istehsalat təcrübələrinə ehtiyac var.

-Müşahidə və təhlillərə görə, Sağlamlıq turizmi üçün ölkəmizə ən çox hansı ölkələrdən turist gəlir?
-2016-cı ilin statistikası Naftalan, Duzdağ, Qalaaltı daxil olmaqla sağlamlıq turizmi məkanlarına gələn turistlərin sayında artım var. Belə ki, ümumi turist səfərlərində 24%, sırf sağlamlıq turizmində isə 40% artım müşahidə edilir. 70-dən artıq ölkədən 45 minə yaxın turist gəlir. Sırf Novruz bayramı günlərində ölkəmizə 3000-ə yaxın əcnəbi turist gəlib.
Ölkə olaraq, ilk üçlükdə: Rusiya, Qazaxıstan və Özbəkistan liderlik edir. Turizm səfərləri üçün ölkəmizi seçən postsovet məkanı ölkələri ilə bərabər Belçika, Belarusiya, İsveçrə, Kolumbiya, Almaniya, Misir və İspaniya ilk onluğu tamamlayır.

-Fəaliyyət göstərdiyiniz sahədə hansı problemi ilk növbədə həll olunmalı hesab edirsiniz?
-Düşünürük ki, turizm sahəsində, sırf sağlamlıq turizmi ilə bağlı məsələlərdə vergi siyasətinə yenidən baxılmalıdır. Ölkənin sağlamlıq turizminin potensialının təqdimatı ilə təşviqlər olmalıdır. Xarici dövlətlərdə belə bir təcrübə mövcuddur – ölkənin turizm təchizatlarını hər hansı bir formada – konfranslar, tədbirlər şəklində təbliğ edən şirkətlərə dövlət 70% subsidiya ayırır.  Ölkəyə gələn hər turistə görə dövlət büdcəsindən hər hansı bir təşviqlər həyata keçirilir. Sağlamlıq turizmi Azərbaycan üçün çox vacib bir istiqamətdir, biz onun inkişafında maraqlı olmalıyıq.

-Turizm – mövsümi biznes sahəsidir, sağlamlıq turizmi isə fərqlidir. 2018-ci ilin kurort mövsümünü necə qiymətləndirirsiz?
-Sağlamlıq turizmi 365 günə bölünən bir turizmdir. Gecələmə sayı istirahət turizmindən fərqli olaraq müalicəyə görə, 12-14 gün arası olur. Bu həm də iqtisadi baxımdan sərfəlidir. Bu gün üçün Duzdağ, Naftalan, Qalaaltı istiqamətlərində mövsümdə yer tapmaq problemə çevrilir. Bu, bir tərəfdən sevindirici haldır.
Gözləntilərə gəldikdə isə Şurada işçi qrupu fəaliyyət göstərir, fəaliyyət planı hazırlanıb təqdim olunmalıdır. Bir sözlə, bu il biz pozitiv statistik məlumatlara ümid edirik və bu nəticələri əldə etmək üçün çalışırıq.

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV