www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
İLHAM ƏLİYEV AND İÇDİ – Yenilənib
18 Aprel 2018 13:29

Oxunub: 131



Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2018-ci il 17 aprel tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan edib: “Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikası Konstitusiyasının üzərinə qoyaraq and içib: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!”

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: “Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam”.

Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.

Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində nitq söyləyir. (“Report”)

* * *

Aprelin 11-də keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi başlayıb.

“Report”un xəbərinə görə, tədbir Milli Məclisdə keçirilir.

Mərasimdə Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak edirlər. Andiçmə bitəndən sonra Nazirlər Kabineti istefaya gedəcək və Kabinetin yeni tərkibi elan olunacaq.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. Andın mətni belədir: “Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm”.

And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş Prezident seçkilərində keçirilən səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 %, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3.02%, öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc – 3.12 %, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03%, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə – 1.38%, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52%, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17%, “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74% səs toplayıb.

 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV