www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
“Suriyada vətəndaş qarşıdurmasını Rusiya başladıb...”- Siyasi analitik
30 İyun 2017 23:57

Oxunub: 298



“Qərb Qətərdə də öz məqsədinə çata bilməyəcək...”
 
Tanınmış siyasi analitik, BDU-nun müəllimi Tahir Cəfərli ilə bu dəfəki söhbətimizdə 2011-ci ildən bəri Suriyada baş verən və amansız qanlı qarşıdurmalarla, saysız-hesabsız insan itkiləri ilə müşayət olunan prosesləri Rusiya və Qərbin iqtisadi-siyasi maraqları kontesktində təhlil etməyə çalışdıq. Eyni zamanda Qətər ətrafında başlanan proseslərdən bəhs etdik 
 
(Söhbətin əvvəlini bu linkdən oxuya bilərsiniz: http://www.moderator.az/news/182951.html).
 
 
-Bəs sizcə, Ərdoğan –Əsəd “qardaşlığı”nı hansı güc və niyə pozdu?
 
- Bir daha xatırladaq ki, 2011-ci ilin əvvəlində Ərdoğanla görüşündə   Əsəd Türkiyə prezidentini “qardaşım” adlandırmışdı və iki ölkə başçısı kürd terrorçularına qarşı birgə hərəkətə keçməyi planlaşdırmışdı. Əsas məqsəd isə Qətər-Suriya-Türkiyə  qaz kəməri tranziti üzərində qurulmuşdu. Çünki Türkiyə cənubunda, Suriya isə şimalında kürd yaraqlıları tərksilah etməsəydi, bu kəmər işləyə bilməzdi. Qətər kəməri Rusiyanın Türkiyədən Avropaya keçəcək kəmərinə rəqabət yaradırdı. Ucuz olduğuna görə Türkiyə və Avropa  qazı buradan almağa üstünlük verirdi. Qətər-Suriya-Türkiyə-Avropa kəməri işə düşsəydi, Rusiyanın öz qazını Qara dəniz vasitəsi ilə ötürməsinin qarşısı alınırdı. Eyni zamanda Ukrayna tamamilə Rusiyanın nəzarətindən çıxırdı. Odur ki, Suriyada baş verən qarşıdurmanın hansı ölkə tərəfindən başlanıldığına bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz bir suala cavab verməliyik: Qətər-Suriya-Türkiyə qaz kəmərinin işləməsi kimin, hansı fövqəldövlətin zərərinədir? Bu sualın cavab bütün mətləbləri çılpaqlığı ilə ortaya qoyur...
 
Beləliklə, Qərb Qətər qazını Avropaya çıxarmaqla Rusiyanın və digər ölkələrin qaz kəmərləri layihələrinə son qoyur və həmin ölkələri çökdürürdü. Bu kəmər İranın və Azərbaycanın da zərərinə idi. Çünki Qərb Azərbaycan qazı oyunu oynasa da, yəni Azərbaycan qazını Qara dəniz vasitəsi ilə (TAP) çıxaracağına söz versə də, həqiqət başqa idi... 
 
 
-Bunu nə ilə izah etmək olar? ..
 
-Əvvəla, Rusiyanın başını aldatmaq istəyirdilər, digər tərəfdən, Türkiyə və Rusiyanı Azərbaycana düşmən edirdilər. Bütün bunların erməni oyunları olduğunu anlamaq o qədər də çətin deyil, çünki bu nadürüst xalq Avropanın elə bir ölkəsi yoxdur ki, onun daxili işlərinə qarışmasın və xarici siyasətinə təsir göstərməsin. Fransanı nümunə kimi göstərmək bəs edər... 
Bütün hallarda Qərb bu tranziti yaratmaqla Rusiyanı diz üstə qoyurdu. Ciddi maliyyə problemləri qarşısında qalan Rusiya iqtisadiyyatını bərpa edə bilməyəcəkdi. Qərb gözlənilmədən elə zərbələr vururdu ki, Rusiya ayıla bilməsin... 
 
-Bəs Rusiyanın cavabı?.. 
 
 
-Rusiya analitikləri bunu görürdülər, hətta deyərdik ki, Qərbi qabaqlamaq üçün ciddi tədbirlərə əl atırdılar. Bunu Amerikan politoloqu Stiven Koen də öz məqaləsində qeyd edir. Rusiyanın Ukrayna hadisələrindəki rolu və Krımın ilhaqının birbaşa Qətər –Suriya-Türkiyə kəmərinin baş tutmamasına yönəldilən bir mexanizm olduğunu görürük. Ruslar Qərbin başını Donbas və Luqansk ilə qatmaqla Suriyanı qarışdırdılar. İndiyə qədər hamıda belə təsəvvür yaranmışdır ki,  Suriyada  vətəndaş qarşıdurması “İŞİD”-in yaranması səbəbindən  başlayıb.  Əslində bu belə deyildir. Axmaq olmaq lazımdır ki, anlamayasan ki, Rusiya bu dəfə də Qərbi qabaqladı... 
 
-Suriyada Rusiya bazaların olması da Qərbin bütün bu planlarının pozulmasında öz rolunu göstərdi, yəqin? 
 
-Əlbəttə. Türkiyəyə qarşı Suriyanın şimalından kürdlərin hücumu başlandı. Türkiyə B.Əsədlə bağladığı sazişi pozdu və Suriyaya qoşun yeritdi. Beləliklə, aləm bir-birinə qarışdı.  Bu dəfə ABŞ yox, Rusiya “xaos” siyasətinə əl atmışdı və bütün hallarda Rusiya özünü göstərməli və bu döyüşü udmalı idi.  Bu minvalla tək qalmış B.Əsəd V.Putinə müraciət etdi ki, kömək etsin. 
 
 
-Bəzi analitiklər belə hesab edirdilər ki, Rusiya B.Əsədin boş-boşuna tərəfini saxlayır... 
 
-Əslində belə deyildir. Rus silahlı qüvvələrinin bu ölkədə hərəkətə keçməsi Suriyanın Rusiyaya verdiyi külli miqdarda maliyyə yardımı nəticəsindədir. Biz anlamalıyıq ki, siyasətdə heç vaxt heç bir ölkə hansısa faydası olmadan heç bir ölkəyə kömək etmir. Köməyin mahiyyəti ölkəni ya soymaqdır, ya da özündən asılı vəziyyətə salmaqdır. Suriyada V.Putin vaxtilə Küveytin Səddam Hüseyn tərəfindən alındıqdan sonra ABŞ-ın etdiyini etdi. Yadınızda varsa,  ABŞ Küveyt əmrlərinin və dövlətinin 75-80 % varıdatını aldıqdan sonra bu ölkəni azad etmək üçün Səddamın üstünə getdi və Birinci İraq müharibəsi Küveytin azad olunması ilə qurtardı. Sizə elə gəlmirmi, bu müharibə elə Küveytin varıdatının soyulmasına yönəldilmişdi? İndi növbədə Qətərdir. 
 
 
Qərbin tələsməsi və Suriyaya girmək həvəsi, “İŞİD”-in birdən güclənib ortaya çıxması, bir-birinin ardınca Suriya şəhər və kəndlərini zəbt etməsi B.Əsədi tamamilə Rusiyaya bağladı və o, Rusiyanı öz xilaskarı kimi gördü. Xəzərdən atılan hər qanadlı raket, əlbəttə ki, Suriyadan Rusiyaya göndərilən maliyyənin hesabına idi. Nəticə də göz qabağındadır. Rusiya düşdüyü maliyyə böhranından çıxdı, öz iştirakını Suriyada gücləndirdi, B.Əsədə qarşı gedən qüvvələri darmadağın etdi.  Amma əslində  Qətər-Suriya-Türkiyə kəmərinin qarşısını aldı. İndi Türkiyəni 2011-ci ilin Rusiya-Türkiyə sazişinə qaytarmaq lazım idi. Türkiyə də buna gedirdi...
 
 -Ancaq?.. 
 
-Qərbin tapşırığı ilə bu siyasətə qarşı gedən qüvvələr(sonradan məlum oldu ki, 15 iyulda Ərdoğana qarşı dövlət çevrilişinə cəhd edənlər də onlar olub)  Rusiyanın “SU-25” qırıcısını vurma əmrini verdilər. Beləliklə, Qərb Türkiyəni Rusiyaya qarşı qoydu. Bu az imiş kimi, “İŞİD”-ı gücləndirib Türkiyəni parçalamaq planına da əl atdılar. “Piters planının” ortaya çıxması Türkiyə hərbçiləri arasında ikitirəlik yaratdı. Vətənini sevən vətəndaşlar anladılar ki, ölkə daxilində qarşıdurmanı salan ölkələr hansılardır və bu ölkələrə qarşı nifrət artdı. Vətənini sevən və Türkiyəni Qərbin “kanon de şeya”sına çevirmək istəməyənlər Ərdoğanın ətrafında birləşdilər və Türkiyəni qorudular. Bundan əlavə, Türkiyəyə qarşı hazırlanan planın üstünü açan Rusiya analitiki A.Dugin oldu. Faktiki olaraq bu insan Ərdoğanı xilas etdi, onu Səddam Hüseynin və Qəddafinin gününə salmağa qoymadı. 
 
 
-Bəs niyə Qərb özünün yaratdığı “İŞİD”-ı dağıtmağa başlayıb? Axı bu, öz planlarını pozmaq deməkdir? Bunun hansı iqtisadi-siyasi əsasları var? 
 
-Bax, burada biz Ərdoğanın siyasi müdrikliyindən danışmalıyıq. O, Şimali Afrikadan, Suriyadan, İraqdan, Əfqanıstandan və b. ölkələrdən gələn qaçqınları Avropaya yönəltdi. Suriyada gərginlik artdıqca milyonlarla qaçqın Türkiyədən Avropaya üz tutdular və Türkiyəni dağıtmaq istəyən ölkələri iqtisadi və siyasi problemlər qarşısında qoydular. Bu saat Avropa ölkələri qaçqınların əlində oyuncağa çevrilmişdir. Maraqlısı budur ki, ABŞ da onlara bu problemlərin həllində kömək etmir. Proteksionist Trampın hakimiyyətə gəlməsi, Avropanı daha ciddi fəsadlar qarşısında qoyacaq. ABŞ maraqlarını bütün maraqlardan üstün tutan Tramp bu ölkələrə qarşı daha ciddi olacaq. Odur ki, Avropa təhlükə qarşısında qaldığını görüb Yaxın Şərqdə stabilliyi pozan qüvvələrə qarşı hərəkətə keçib... 
 
 
-Niyə “Suriyadakı müharibədə digər ölkələrin taleləri də həll olunur” kəlməsi tez-tez işlədilir? 
 
- Suriya hadisələrini daha dərindən təhlil etsək, görərik ki, 1991-ci ilin İraq hadisələrinə bənzər hadisələr təkrar olunur. Onda İraq - SSRİ və Qərb üçün geosiyasi hərbi poliqon idi. Burada iki güclü ölkənin silahları qarşı-qarşıya durmuşdu. SSRİ silahları bu döyüşü uduzdu. Qərbin İraqda qələbəsi SSRİ-nin dağıdılması üçün Qərbin əlində əsas oldu.  Suriyada isə Rusiya və Qərbin silahları üzbəüz durub. Yəni Suriya indi İraq kimi geosiyasi hərbi poliqona çevrilmişdir. Hansı ölkənin silahı burada qalib gəlsə, həmin ölkə qalib gələcək. Əks halda özünü və müttəfiqlərini dağılmaq təhlükəsi qarşısında qoyacaqdır. Maraqlısı budur ki, bu cür taktika orta əsrlərdə ordular toqquşmazdan əvvəl hər iki tərəfin igidlərinin toqquşmasını xatırladır. Hansı ölkənin igidi qalib gəlirdisə, o ölkə qalib sayılırdı. İndi bu işi müasir silahlar görür. Suriya müharibəsi Qafqazın geosiyasi hərbi poliqona çevrilməsinin də qarşısını alıb. Allah göstərməsin, əgər Cənubi Qafqazda müharibə başlasa idi, bura Suriya və İraqın gününə düşəcəkdi... 
 
-Qatara qarşı sanksiyaların tətbiqi də ağıla gələsi deyildi. Axı Qətər ABŞ-ın ən yaxın müttəfiqi və ərazisində ABŞ-ın bazaları olan ölkədir... 
 
-Elədir. Ancaq son illər Qətər və Rusiya, Qətər-İran yaxınlaşması baş verir. Bu ölkə Rusiyadan silah alır və oraya güclü investisiya qoyur. Ən əsası, İranın təklifi ilə İran qazının tranzitini öz üzərinə götürür. Bütün bunlar Qərbin marağında deyil. Odur ki, Rusiya üçün maliyyə mənbəyinə çevrilmiş ölkəni dağıtmaq istəyirlər...
 
 
-Qətər hadisələr göstərir ki, ABŞ “B planın” ortaya atıb. Planın məğzi nədədir? 
 
-Əlbəttə ki, məqsəd Rusiyanı regiondan çıxartmaqdır. Daha düzünü desək, Qətərlə Rusiya arasında sədd qoymaqdır. Qətər hadisələrinin səbəblərindən biri onun Rusiyaya yaxınlaşması və bu ölkənin sənayesinə investisiya qoymasıdır. 
 
-Sizcə, Qərb Qətərdə öz məqsədinə çata biləcəkmi? 
 
-Yox, çünki Rusiya Yaxın Şərqdə gedən proseslərdə ABŞ-ı qabaqlayıb. Bilirsiz, neft və qaz kəmərlərinin çəkilməsi fövqəldövlətlər tərəfindən heç də birmənalı qarşılanmır. Rəqabət aparan ölkələr bu planları pozmaq üçün hər şeyə əl atırlar, hətta müharibəyə də. Odur ki, belə tranzitləri təklif edən ölkə ilk növbədə düşünməlidir ki, hansı ölkənin rəqibinə çevrilir və hansı ölkənin geosiyasi oyunlarını pozur. Qətərlə bağlı gərginlik yaradan ölkələrin əməllərinin səbəblərini araşdırsaq, görərik ki, regionda Suriya konflikti ərəfəsindəki oxşar geosiyasi proseslər gedir. Bunun da arxasında, əlbəttə ki, ciddi iqtisadi maraqların toqquşması durur. Bu mövqedən yanaşsaq, görərik ki, Azərbaycanın neft-qaz kəmərlərinə qarşı gedən ölkələr hansılardır və ölkəmizə qarşı hansı təxribatlara əl ata bilərlər? Biz Suriyada baş verənlərdən dərs almalı və qaz kəməri ilə bağlı bütün məsələlərə milli təhlükəsizlik nöqteyi nəzərindən baxmalıyıq. B.Əsədin buraxdığı səhvlərə yol verməməliyik. Yoxsa Azərbaycanı da Suriya kimi faciələr gözləyə bilər... 

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV