www.mulkum.az - ev alqı satqısı, kirayə evlər
Son Xəbərlər
Bakının bütün qeybətcil kişiləri burdadır – Piterli xanım
23 İyun 2017 10:42

Oxunub: 419



Esmira Vəliyeva. Bakıdan kənarda, Sankt-Peterburqda yaşayır, 3 uşaq anasıdır, həyat yoldaşı bizneslə məşğuldur. Peterburq soyuğu arzularının göyərməsinə imkan verməyib. Ona görə bütün arzuları Bakıya bağlıdır.

Onu Kult.az-ın “Yad yerin doğmaları” layihəsində sizə təqdim etmək istədik:

- İllərdir Bakıdan uzaqdasınız, qürbət xoşunuza çox gəldi, yoxsa Bakı sizi bezdirdi?

- Bakıda həyatımın ən çılğın və gözəl illəri – tələbəliyim keçib. Bakıdan heç doymadım, necə bezmək olar? Qürbətə gəlişimin səbəbi isə ailə qurmağım oldu. Mən 93-94-cü illərin Bakısından yox, insanların önyarqılarından qaçdım.

- Demək, Piterə arzularınızın ardınca deyil, həyat yoldaşınızın əlindən tutub getdiniz?

- Sankt-Peterburqun adını o vaxtlar Leninqrad olaraq bilirdim. Qardaşım Sovetin vaxtında Arxangelskdə əsgərlikdə olmuşdu. Qatarla gedərkən Leninqraddan keçiblərmiş və mən o zaman onunla tez-tez məktublaşardım. Bu şəhər ən çox o məktubların birindən yadımda qalmışdı. Piterə ailə qurduğum üçün gəldim. Arzuma isə hələ də çatmamışam. Qürbət həyatımın 20 ilini yedi.

- Həyatınızın 20 ilini yeyən şimal şəhəri sizi necə qarşılayıb, necə yola verir?

- Şimal şəhərini heç uşaq vaxlarımdan sevmədim, nəinki indi. Bu şəhər mənə soyuqluqdan başqa heç bir şey anlatmır. Bununla belə bir-birimizi yol veririk.

- Ötən günlərin ilıq xatirələri bu günün rahatlığının fonunda necədir?

- Bu günün rahatlığına çatmaq çətin oldu, əslində. Qürbətdə mənəvi rahatlıq tapmaq çətindir. Ona görə də ötən illərimin xatirələri ilıq yox, çox əzizdir, istidir.

- Məktəbli, tələbə olarkən ürəyinizin sarı simini tərpədən nələr qalıb yaddaşınızda?

- Məsumluğum! Bu, indiyəcən davam edir. İnsanın özü-özünü tanıdığı kimi heç kim tanımaz. Anadan güclə qoparılan uşaqlar məncə böyümürlər. Hansı yaşda ayrılırlarsa anadan, elə o yaşda da donub qalırlar. Mən də elə…

- Sevinc və sevgi dolu günləriniz ən çox hansı yaş dövrünüzü əhatə edir?

- Yaş dövrü olaraq demək bir az çətindir. Məsələn uşaqlıq və ailə qurduğum illərəcən keçən illərim tam olaraq sevgi və sevincli günlərim olub.

- Piterdə əsasən nə işlə məşğul olursunuz?

- 3 ildir ki, orta məktəbdə müəllimə işləyirəm. Daha doğrusu, müəllimə köməkçisi. Onu da ingilis dilini bilməyimin hesabına. Yoxsa stajı olmayanı kollektivə - uşaqla işləməyə buraxmazlar. Diploma ehtiyac duyuldu və təhsil almağım köməkliyimə çatdı. Diplomsuz - ali savadsız burda dövlət işində işləmək mümkün deyil. Vətəndaşlıq da şərtdir.

- Bəzən eşidirik ki, azərbaycanlılar bir-biri ilə yola getmir, az qala, biri digərinin ətini didir. Orda necədir?

- Didirlər. İnanın ki, burda daha da çoxdur didişmək, bir-birini yola verməmək, həsəd və sair. Mən hətta deyərdim Azərbaycanın harda qeybətcil kişiləri varsa, sanki hamısı bura yığışıb. Düzdür, doğmalıq da var, amma uzaqdan-uzağa. Bilirsiniz burda necədir? Ailənin “rəisi” kiminlə dostluq, yoldaşlıq əlaqəsi qurursa, məcburən ona tabe olursan.

- Demək, bütün hallarda milli mentalitet özünü büruzə verir, kişinin dostu sənin də dostun olmalıdır.

- Mütləq. Bir az da açıq deyim: “Filankəsin arvadı filan paltarı geyinməz, sən niyə belə paltar istiyirsən?” Uşaqca, yaramaz mentalitet...

- Bəs bizim o kişilər filankəsin arvadının geyimini niyə müzakirə edir?

- Bəs, intellektlə məşğul olmayan kişilər ayrı nə edə bilərlər ki? Mən fiziki işlə, zehni işlə məşğul olanların haqqına girmiş oldum, deyəsən. Sadə insanların həyat tərzləri də sadə və gözəl olur. Mənim dediklərim isə “qursaqlarında bir-iki tikə yağ deposu”, “qış tədarükü” görənlərədir...

- Yəni başını aşağa salıb halallıqla dolananlardan savayı, kriminala meyillilər də var.

- O qədər rusa “atan” kişilər var burda. Hələ bir fəxrlə də danışırlar. Əvvəllər yataqxanada olmuşuq. 9 ailə bir mətbəxtdən istifadə edirdik. O qədər gözüyaşlı ağlayan rusları görmüşəm ki… Evləri aldadılıb əllərindən alınan, borca salınan. Rusun ev telefonları ilə şəhərlərarası, ölkələrarası danışıb üstünə külli miqdarda borc qoyan həmvətənlərimiz də olub… Onların əməlləri haqqımızda heç də xoş fikir formalaşdırmır.

- Bu, o vaxtlar olub, bəs indi necədir, sivilləşənlərimiz çoxdurmu?

- Xarici görünüşcə çoxdur. Ağızların açmasınlar gərək. Xanımlarımız isə daha da aktivdilər sivilləşmədə…

- Bəs diaspor? Piterdə elm ocaqlarında, başqa dövlət strukturlarında işləyən həmyerlilərimiz..

- Var, əlbəttə, var. Burda elə qızlarımız var ki, millətin adını yüksək tuturlar. Ali təhsil alan, magistraturada oxuyan və sair. Bəziləri ilə münasibətlərim də var.

- Həyatınızın bu dönəminə qədər neçə dəfə ürəyinizə od düşüb?

- İki dəfə. Platonik olub... Birinin beyninə vurulmuşam, o birini isə sevmişəm.

- Sadə, ölkədən kənarda yaşayan müəllim köməkçisi Azərbaycan adına nə edə bilər və ya edir? Axı kimliyimizdən aslı olmayaraq, biz bu ölkənin həm də elçisi olmalıyıq.

- Rəhmətlik tənqidçi Elnarə Tofiqqızının (tələbə yoldaşı olmuşuq) çox böyük təkidilə Feysbuka üzv oldum, əlaqələrimi genişləndirdim, ətarafımda - yəni Sankt-Peterburqda yaşayan azərbaycanlı xanımları tapdım, sanki virtual da olsa onların birliyini yaratdım və bu minvalla öz aramızda qruplaşaraq Azərbaycanda baş verənlər və vermişlər haqqında həmrəyliyimizi bildiririk, bir-birimizi məlumatlandırırıq.

Adət-ənənələrimizi sərgiləmək kimi bir komfortumuz olmasa da, yaxın ətrafda olan ruslar qonşuluğumuzdan şikayət etmirlər. Uşaqlarımın üçü də məktəblidir. Hətta böyük övladım – qızım bu il universitetə imtahan ərəfəsindədir. Onların kollektiv arasında heç bir münaqişələri olmayıb. Heç bir şikayətlə məktəbə çağırılmamışam. Mənim şəxsən - bilmirəm bu Azərbaycan adınadımı, ya nəyə görədirsə, maddi yardımımın toxunduğu bir neçə ailə olub.

Bundan başqa, Xocalı soyqırımının ildönümündə konsulluğun qarşısında etiraz mitinqi keçirmişik.

Ölkəmiz adına gücümüz çatanı edirik. Məncə, intellektli, dürüst olmaq da yaşadığın yad yerdə ölkən adına bir piardır.

Politico.az



Oxşar xəbərlər
Top 10
ARXIV